Cenevrə Motorşousu-2009
Avtosalonun ən gözlənilən premyeralarından biri də 5-ci nəsil Volkswagen Polo idi. Alman konsernin nümayəndələrinin sözlərinə görə, bu modelin hazırlanmasında Euro NCAP təşkilatının yeni qaydalarına uyğunluq da nəzərdə tutulub. Qeyd edilir ki, yeniliyin frontal və yan zərbələrə dözümlüyü artırılıb. Artıq baza təchizatda olan aktiv başaltılar, təhlükəsiz oturacaqlar və ESP sistemi avtomobilə Euro NCAP testlərində yüksək balları yığmağa kömək edəcək.
İlkin olaraq Polo üçün 60-105 at gücü arası 4 benzin və 3 dizel aqreqatları təklif olunacaq. Top-versiya qismində 105 at güclü turboüfürməli və birbaşa çiləmə sistemli 1.2 TSİ mühərriki çıxış edəcək. 100 km/saat sürətlənməyə 10 saniyədən də az vaxt tələb edəcək avtomobilin orta yanacaq sərfiyyatı cəmi 5.5 litr olacaq.
Avtomobilin təchizatına gəlincə, yenilik üçün yüksək səviyyəli opsiyalar təklif olunacaq. Bu sırada biksenon faraları, panorama tavanı və naviqasiya kompleksini göstərmək olar. Transmissiya qismində hətta 7 pilləli robotlaşdırılmış DSG sürət qutusunun quraşdırılması mümkündür.
Avtomobilin satışları artıq cari ilin iyun ayından etibarən start götürəcək. Qiymət isə hələ ki, açıqlanmır.
Volkswagen-nin ikinci premyerası Golf GTİ VI modeli oldu. Ötən il Paris avtosalonunda göstərilən konseptdən seriyalı GTİ demək olar ki, fərqlənmir. Avtomobilin kapotu altında Scirocco-dan mənimsənilən 2.0 litr iş həcmli TSİ mühərriki yer alıb. Aqreqat 210 at gücü və 280 Nm maksimal fırlanma anı hasil etmək iqtidarındadır. 100-ə qədər sürətlənməyə avtomobil 6.9 saniyə sərf edir.