Volkswagen das auto
Volkswagen dünyasına xoş gəlmişsiniz.
Polo Golf Jetta Yeni Passat Passat CC Tiguan Touareg Phaeton Amarok Kommersiya Avtomobill?ri
>Bizim Şirkət
>Kampaniyalar
>Xəbərlər arxivi
>Korporativ satışlar
>Elektron kataloqlar
>Media
>www.touareg.az
>www.amarok.az
Media.
Volkswagen Tiguan.
Faktiki olaraq kompakt krossoverlər sinfini Nissan Qashqai avtomobili formalaşdırıb. İndi isə növbə Volkswagen-indir. Avtomobil dünyasına daha bir krossover növü – kiçik, kompakt krossoverlər lazımdırmı? Əlbəttə, lazımdır. Bu fikirlə avropalılar da razılaşırlar. Bazar bu cür avtomobillərə dərhal reaksiya verir. Xarici qabarit ölçülərinin kiçik olmasına baxmayaraq, onlar geniş salonları ilə seçilir, hərəkət zamanı isə qolf-klass minik avtomobillərinə bərabər sayılır. Bütün bu məziyyətləri ilə yanaşı, onlar yollardakı çirkdən də qorxmurlar. Volkswagen Tiguan avtomobilinin fəlsəfəsi məhz yuxarıda qeyd edilənləri özündə ehtiva edir. Onu çox vaxt “kiçik” Touareg adlandırırlar, amma xarici görünüşlərindəki bəzi oxşarlıqlardan savayı, bu iki avtomobili birləşdirən hər hansı ümumi cəhət yoxdur.
2006-cı ildə Los-Anceles avtosalonunda yeni kompakt krossoverin konsepti nümayiş etdirildi (bu avtomobillər А-SUV tipinə – aktiv istirahət üçün nəzərdə tutulan kompakt avtomobillər tipinə aiddir). Bu konsept-kar Tiguan adlanır. Əgər Touareg adını eşidəndə təsəvvürümüzdə ciddi görkəmli əlcəzairli ərəb bədəvisi canlanırsa, Tiguan adında insana aid olmasa da, hər halda canlılara adi olan bir cizgi sezmək olar. Sən demə, bu ad “tiger” (pələng) və “iguana” (iquana, ağac kərtənkələsi) sözlərinin birləşməsindən yaranıb. Özü də bu adın yaranmasında Almaniyanın “Avtobild” avtomobil dərgisinin 350 min oxucusu iştirak edib. Zahirən Tiguan cəlbedici, müasir və xoş ovqat yaradan dizayna malik, tipik Volkswagen avtomobilidir. İfadəli aqressiv faralar, falşradiator barmaqlığı və bamper vahid bir tam kimi qəbul edilir. Arxa hissə daha çox sakitləşdirici üslubda hazırlanıb və eyni zamanda sanballı görünür.Bu avtomobili yaradarkən mühəndislər vaxtilə Eos kabrioleti üzərində işlədikləri kimi onu digər Volkswagen modellərinin müxtəlif elementlərindən yığıblar. O vaxtkı kimi indi də donor rolunda Passat modeli çıxış edib. Volkswagen Tiguan avtomobilinə ön tərəfdə McPherson asqısı, arxada tərəfdə isə sonuncu Passat modelinin çoxrıçaqlı asqısı quraşdırılıb. Onu da qeyd etmək lazımdır ki, Tiguan krossoveri olduqca sərt kuzovu ilə seçilir. Nahamar yol örtüyü üzərində avtomobili diaqonal istiqamətində əyib saxlayarkən salon səs-küysüz idi, qapıların dördü də asanlıqla açılırdı. Trend&Fun və Sport&Style versiyaları daha çox “asfalt” avtomobilləri kimi təqdim olunur, amma əlavə ödəniş müqabilində onlar “off-road” texnologiyası ilə təchiz oluna bilər. Bundan savayı, aktiv istirahəti sevənlər üçün Track & Field versiyası da təklif olunur. Trend&Fun versiyası 16 düymlük polad təkər diskləri, Sport&Style versiyası isə 17 düymlük tökmə diskləri və dam üzərində xromlanmış relinqləri ilə seçilir, onlar 100 kiloqramadək yükün ağırlığına davam gətirir.
Tanış interyer
VW Tiguan krossoverinin salonunda olarkən nə isə tanış bir hiss keçirirsən. İnteryer öz səliqəsi və keyfiyyətli materialları, habelə panellərin keyfiyyətlə işlənib hazırlanması golf-klass avtomobilini xatırladır. Torpedonun mərkəzi hissəsi, dairəvi havaverənlərlə birlikdə VW Golf Plus avtomobilindən götürülüb. Avtomobilin erqonomikasına söz ola bilməz. Sizin Tiguan-da istər rəngli touch-screen displeyi olsun, istərsə də adi audio-sistem bloku olsun, fərqi etməz, idarəetmə orqanlarından asanlıqla baş çıxaracaqsınız. Bu sözlər eynilə klimat-kontrol blokuna və ya adi kondisionerə də aiddir. Mərkəzi konsol göz oxşayır, orada nə isə artıq bir şey yoxdur. Cihazların parlaq göy işığına da irad tutmaq olmur, Volkswagen sahibləri artıq buna vərdiş ediblər, həm də panel yetərincə lakonik görünür. Müxtəlif bədən quruluşlu sürücülər razı qala bilərlər, belə ki, kreslonu və sükan sütununu geniş diapazonda tənzimlənir. Çoxfunksiyalı üçmilli sükan nəinki interyerin ümumi dinamik üslubuna uyuşur, həm də aktiv fırladılma zamanı rahatlığı ilə seçilir. Arxadakı sərnişinlərin də şikayətlənmək üçün elə bir əsasları yoxdur. İkinci cərgədə yetkin yaşlı üç nəfərin komfortlu şəkildə yerləşməsi üçün yetərincə yer var, həm də kresloları uzununa tənzimləmək olur. Həmçinin sərnişinlərin başı üzərində yetirincə hava məkanı var. Hətta avtomobildə beş nəfər (sürücü ilə birlikdə) oturduqda belə, baqaj bölməsində 470 litr həcmli yük yerləşdirmək olar. Əgər arxa oturacaqları qatlasaq, baqaj bölməsinin həcmi 1510 litrədək artar. Baqajın çəkisi isə iritutumlu universallarda olduğu kimi, 650 kiloqrama çata bilər. Komfortdan danışsaq, Tiguan-da bu baxımdan, ən maraqlı komponentlər bunlardır: yüksək səviyyəli audiosistem, panoramlı dam örtüyü (lyukla), ikizonalı effektiv klimat-kontrol, adaptiv biksenon faralar və interyerin geniş çeşidli parça və dəri ilə işlənmiş üzlüyü.
Ümumi istifadəli yollar
Keçirdiyimiz test-drayv göstərdi ki, VW Tiguan yolda özünü inamla aparır və əla idarə olunur. Yüngül şassinin və sükan idarəetməsinin optimal tənzimlənmələri hiss olunur. Ola bilsin ki, sükan bir qədər uzundur və hamar yolda düz xətt boyunca tam dəqiqliklə hərəkət etmir, amma əvəzində o, yetərincə informativdir. Daha yaxşı idarəetməyə nail olmaq və yanlara meyllənmələrdən yaxa qurtarmaq üçün istehsalçılar opsiya qismində daha sərt amortizatorlarla təchiz olunmuş idman asqısı təklif edirlər, amma bu halda hərəkətin rəvanlığı pisləşir. Ümumiyyətlə, hərəkətin komfortluluğu baxımından VW Tiguan çox yaxşı avtomobildir. Şassi yoldakı çatlaqları, nahamarlıqları və hətta çala-çuxurları effektiv şəkildə “udur”, salondakılar onları praktiki olaraq hiss etmirlər, eyni zamanda, bütövlükdə asqı çox sakit işləyir. Yeri gəlmişkən, avtomobili test üçün Euro Style şirkəti təqdim edib. Bu möhtəşəm avtomobili sınaq yürüşündə yoxlamaq üçün yaratdığı şəraitə görə şirkətə minnətdarlığımızı bildiririk. Tiguan-ın sürətyığma göstəricisi də çox yaxşıdır. Bu baxımdan, yeni, amma artıq məşhurlaşmış 20. TSI benzin mühərrikinə xüsusi diqqət yetirməyə dəyər. Alıcıya seçim üçün bu mühərrikin iki versiyası təklif olunur: 170 və 200 at gücündə. Belə yüksək güc xarakteristikalarını, ilk növbədə, birbaşa yanacaqçiləmə sistemi və yüksək təzyiq altında olan silindrlər, habelə turbokompressor təmin edir. Artıq mühərrikin aşağı fırlanma dövrlərindən kompressor işə düşür, orta dövrlərdə isə turbin də ona qoşulur. Nəticədə mühərrik heç bir problem yaratmır, rahat və elastik şəkildə işləyir. Test etdiyimiz Volkswagen Tiguan avtomobili altı pilləli avtomatik transmissiya ilə (tiptronik) təchiz olunur. Qeyd edək ki, transmissiyada pis yol şəraitində avtomobili xüsusi tənzimlənmə imkanları nəzərdə tutulub.
Təhlükəsizlik
Bəri başdan deyək ki, VW Tiguan avtomobili EuroNCAP sistemi üzrə kraş-testlərdə “beş ulduz” qazanıb. Avtomobili düzəldərkən mühəndislər deformasiya zonalarına maksimum diqqət yetiriblər və yüksək möhkəmliyə malik kuzov strukturu yaratmağa çalışıblar. Polad kuzov karkas konstruksiyası formasında hazırlanıb. Yol-nəqliyyat hadisəsi zamanı sərnişinlərin təhlükəsizliyinə görə altı təhlükəsizlik yastığı cavabdehdir, onlar avtomobilin standart təchizatına daxildirlər. Alıcı istəsə, arxa sərnişinlər üçün daha iki Airbag (təhlükəsizlik yastığı) quraşdıra bilər. Ön və arxa təhlükəsizlik kəmərləri tarımlayıcılarla, kreslolar isə aktiv baş altlıqları ilə təchiz olunub. Standart komplektasiyada Tiguan hərəkətin dayanıqlığını və stabilliyini təmin edən sistem, ekstremal əyləcləmə sistemi və əyləc gücünün paylanması sistemi ilə təchiz olunur. Beləliklə, biz Volkswagen-in ilk krossoveri ilə – Tiguan-la tanış olduq. O, təkmil avtomobil təsiri bağışlayır – adama elə gəlir ki, bu avtomobili hazırlayanlar onun ərsəyə gəlməsinə var qüvvələrini sərf ediblər və onu ciddi texniki potensialla təchiz ediblər. Tam ötürücülü bu alman avtomobilinin keyfiyyətinə söz ola bilməz. Kompakt krossoverlər sinfində Tiguan-a rəqib ola biləcək yeganə avtomobil Nissan Qashqai-dir, amma o, alman avtomobillərinə yad olan fərqli, tipik yapon xarakterinə və üslubuna malikdir. Bu isə o deməkdir ki, Volkswagen Tiguan təkrarolunmaz, özünəməxsus bir avtomobildir. Amma bu hal uzunmu sürəcək? Bu suala cavab vermək çətindir.