 |
AVTOBAN – Passat CC Test Drive.
İndiyə qədər bir çox avtomobillərdə CC abbreviaturasına rast gəlmişdik və bir qayda olaraq bu hərflər yığıla bilən sərt tavanlı kabrioletlərin adında yazılırdı - Coupe Cabriolet. Lakin, yeni Passat-ın tavanı açılmır. Avtomobilin adındakı CC indeksi isə Comfort Coupe anlamını verir. “Adi” Passat-dan 50 mm alçaq olması və maraqlı yan cizgiləri CC-yə aqressiv, idmansayağı görkəm verir. Lakin, Passat CC-nin əsl gözəlliyi ona avtomobilin hərəkəti zamanı baxdıqda duyulur. Əsasən də intensiv sürətlənmə zamanı onun yastı arxa hissəsi yerə daha da sıxılarkən insan gözünü avtomobildən çəkə bilmir. Ağ rəngli, panoram tipli şüşə tavanlı (əslində şüşə tavanın yarısına qədərdir, sadəcə onun ön şüşəyədək gəlib çıxması avtomobilin tam şüşə tavanlı olması illüziyasını yaradır) avtomobilə 235/40 ölçülü Continental şinlərinə geyindirilmiş yaraşıqlı 18 düymlük disklər də xüsusi «cazibədarlıq» verir.
|
|

Mənim fikrimcə, CC üçün ən uğurlu rəng seçimi ağdır. Bu rəngli avtomobil tünd rənglilərə nisbətən daha zərif və gözəl görünür. Daxili tərtibatda da açıq rəng çalarlarından çox istifadə olunub. Lakin salona əyləşdikdə onun hər bir rəngdə yaraşıqlı və erqonomik olacağına şübhə etmirsən. İlk növbədə onu qeyd edək ki, salonda həddindən artıq düymələr və işlədicilər yerləşdirilib. Lakin onların düzülüş «arxitekturası» çox uğurludur və bu səbəbdən də erqonomika yüksək səviyyədədir. Materialların keyfiyyəti isə Volkswagen üçün ənənəvi olaraq idealdır. Ön oturacaqlar çox geniş tənzimləmə diapazonuna malikdir. Onların həm də qabarıq yanlıqları sürücünü dinamik yürüş zamanı oturacaqda saxlamağa xidmət edir.
|
|

CC-nin təkər bazası “donor” modeldə olduğu kimidir. Nəticədə arxa sıranın genişliyi baxımından CC “adi” Passat-dan geri qalmayaraq lazımı komforta malikdir. Yük bölümünün həcmi isə bir qədər az olmaqla 532 litrə bərabərdir. Avtomobilin kart-açarını öz “yuvasına” salırıq və üzərindən basdıqda həddindən artıq səssiz şəkildə kapotun altındakı 2,0 litrlik turbomühərrik işə düşür. Mühərrikin bu dərəcədə səssizliyi və salonun yüksək səviyyədə izolyasiyası CC-nin ilk növbədə komfortlu avtomobil olduğu assosiyasını yaradır.
|
|

CC-nin avtomatik sürət qutusunun başlığını «D» rejiminə keçiririk və hərəkətə başlayırıq. Avtomobil bir qədər aqressiv şəkildə hərəkətə gəlir, sürət pillələri də lazım olduğundan daha sərt formada dəyişir. Bir qədər sonra məlum olur ki, mən hərəkətə başlamazdan əvvəl «S» (sport) hərəkət rejimini seçmişəm. Bu isə ilk növbədə qəti hərəkət zamanı avtomatik transmissiyanın dəstəyinin «D» rejimində durmayaraq «S»-ə keçməsindən irəli gəlir.
|
|

Adi rejimdə hərəkət zamanı mühərrikin 200 “ata” və 280 Nm-ə bərabər olan gücü o qədər də hiss olunmur. CC çox rahat sürətlənir. Sükanın hədsiz yumşaqlığı da sürücünün komfortlu yürüş tərzinə uyğundur. Lakin, sərt asma və enli profilli şinlər bu auranı bir qədər korlaya bilər. Avtomobil əsasən kiçik sürətlərdə və xırda yol nahamarlıqlarına sərt reaksiya verir.
|
|

Qəfil olaraq akselerator pedalını axıradək sıxırıq: Passat CC əvvəlcə sakitdir, mühərrik dövrləri 2500-ü keçdikdən sonra isə avtomobil ağlasığmaz bir dinamika ilə irəli şığımağa başlayır. Avtomatik transmissiya sürət pillələrini böyük intensivliklə dəyişir. Lakin, dinamikanın yüksək olmasını mühərrikin yüklənməsi ilə hiss etmirsən. Mühərrik avtomobili sürətləndirməkdə çətinlik çəkmir və əsasən də yuxarı dövrlərdə daha üstün dinamika göstərir.
|
|

Rəsmi göstəricilərdə də Passat CC-nin əsasən yuxarı dövrlərdə daha güclü olduğu göstərilir: turbomühərrikin maksimal 200 atlıq güc əmsalı 5500 dövr/dəqiqə-də əldə olunur. Transmissiyanın manual rejimi dinamik yürüş üçün daha əlverişlidir. Bu zaman avtomobilin akselerasiyaya reaksiyası daha qəti və sərt olur. Sürücü iti virajlara yaxınlaşarkən akselerator pedalını buraxdıqla, mühərrikin köməyi ilə də CC-nin sürətini azalda bilir. Lakin, manual rejim tam «səmimi» deyil: mühərrikin maksimal rejimlərində o, sürət pillələrini avtomatik olaraq yuxarı pilləyə dəyişir.
|
|

Asfaltın bir qədər tozlu hissəsində sürətli viraja yaxınlaşıram, son anda qaz pedalını buraxıb döngəyə qəfil şəkildə daxıl olarkən CC arxa körpüsünü sakit tərzdə döngənin xaric hissəsinə bir qədər sürüşdürür. Əlbəttə ki, mən bunu bilərəkdən etdim və təcrübəli sürücülər üçün bu cür «drifting» heç bir qorxu yaratmayacaq, əksinə dinamik yürüş həvəskarlarına Passat CC-nin sürətli döngələrdə özünü aparması həzz verəcək. Onu da qeyd edək ki, bu sürüşmələrə yalnız sürət qutusu dəstəyinin yanında yerləşdirilmiş düymə vasitəsi ilə idarə olunan ESP sisteminin söndürülməsindən sonra nail olmaq olur.
|
|

Əsl pilot üçün Passat CC-nin informativlik cəhətdən bir qədər kasad olan sükanı mane ola bilər. Sürücü sükan vasitəsi ilə ön təkərləri istənilən dərəcədə hiss etmir. Bu isə arxayınlıq hissini və «sürmək» həvəsini bir qədər azaldır.
|